Şahbaz Xuduoğlu: “Daha kitab yarmarkaları olmayacaq!”

sahbaz“QANUN” NƏŞRLƏR EVİ-nin direktoru Şahbaz Xuduoğlu Facebook səhifəsində kitab yarmarkasını dayandırdığı barədə açıqlama yayıb. O, “Kitaba bu qədər laqeyd olan millətin gələcəyi böyük şübhə altındadır. Daha bundan sonra yarmarka məsələlərinə son qon qoydum. Nə əcaib bir mühitə gəldik” deyə bildirib. Mövzu ilə bağlı tanınmış naşirin Meydan TV-yə verdiyi müsahibəni təqdim edirik.


–  Şahbaz bəy, yarmarkanı dayandırmaqda niyə məhz milləti günahlandırırsınız?

–  Təsəvvür edin ki, böyük əziyyətlər hesabına yarmarka üçün icazələr alır, sonra endirimli kitabları gətiririk. Amma bir sıra adamlar var ki, gəlib “millət kitab oxumur” deyə təkəbbürlə münasibət bildirirlər. Çox kobud, təhqiramiz münasibət görürsən. Ki, insanlar “sən nə etmisən, kitab çıxardırsan, nə olsun” deyə bu cür fikirlərini gizlətmirlər. Azərbaycan cəmiyyətində 200 nəfəri çıxmaq şərtilə qalanlarlardan biganə və əlindən gələn pislik görürük. Görünür, həmin 200 nəfər də paytaxtda yoxdur. Belə vəziyyətdə kitabın gərəksizliyini və özünə olan münasibəti görürsən. Ona görə yarmarkaya son qoymağın vacibliyini düşündüm.

–  Yarmarka neçə ay davam etdi?

–  Biz hər həftənin şənbə-bazar günləri yarmarka keçirirdik, yay fəsli başlayandan, 2 aydır. Birinci “Nərimanov Bağı”ndan başladıq, sonra “Sahil” və “Zabitlər” bağlarından davam etdirdik. Sonuncunu “Hüseyn Cavid Bağı”nda keçirtdik. Son 3-4 gün bayramlar olduğundan ardıcıl yarmarkalar təşkil etdik. Amma 500 adda kitab gətirməyimizə baxmayaraq bu münasibətləri gördük. Biz dünyanın ən tanınmış müəlliflərinin əsərlərini dilimizə tərcümə etmişik, amma bu münasibətdən sonra davam etmək mümkün deyil.

–  Bəs bölgələrdə yarmarkalar keçirdinizmi?

–  Yox, çünki rayonlardan təkliflər olmurdu. Mərkəzdə bu cür münasibət varsa, bölgələrdə necə olacaq?!

–  Təklifləri icra hakimiyyətindən, yoxsa yerli əhalidən gözləyirdiniz?

–  Əvvəla, icra hakimiyyətləri icazə verməliydilər. Elə rayonlar var ki, icra hakimiyyətlərinin rəsmiləri ilə 1 ay danışıq aparıram. Təsəvvür edin ki, icra hakimiyyəti başçısının müavininə 1 ayda 200 dəfə zəng edirsən, onun da 20 dəfəsində telefona cavab verir və bunun da 2-də danışmaq olur.  Sonuncu danışıqda isə qeyb olur, belə əzablı vəziyyətdən sonra bir parkda yarmarka keçirməyə icazə alırsan və kitab təqdim etdiyin millət sənə təpik atır. Sözün həqiqi mənasında təhqir edirlər. Onların təhqirlərini təkzib etməkdən adam bezir. Amma bizə könüllü yardım edən gənclər olur, bəzən onlara olan münasibəti görəndə, gənclərin cəfakeşliyinə ürəyin  ağrıyır. İsti havada gəlib kitab haqqında danışır, amma insanlar çox soyuqqanlı, laqeyd və əlləriylə təhqiramiz işarə vurub gedirlər.

–  Bir neçə nəfərə görə bütün milləti ittiham hədəfinə çevirmək olarmı?

–  Yəni 200 nəfər var da kitab oxuyan, qalan kim var?! Nə müəllimi, nə həkimi, nə jurnalisti oxuyur. Bir qəzet redaksiyasının kitabxanası varmı, yoxdur. 200 nəfəri çıxaq, 9 milyondan bir neçə adam sayın ki, kitab oxuyur. Dünyanın ən yaxşı kitablarını mən tərcümə etdirib yayıram, oxuyan olsa, bilərəm də.

–  Başladığınız əməlin əziyyətli və uzun bir yol olduğunu bilmirdinizmi?

–  Başa düşürəm. Amma bu əziyyətin də müqabilində yeni kitablar buraxmaq istəyirik. Belə vəziyyətdə vergiyə haqq qazandırıram. Oxucudan da kitaba bu cür münasibət görəndə, kitabın nəyə lazım olduğunu düşünürsən?! Azərbaycanda 0,3 faiz oxucu var, onun 80 faizi rus dilində oxuyur, qalan 20 faiz bölünür, 10 faizi türkcə, cüzi faiz isə ingilis və öz dilimizdə kitab oxuyur. Bu faizə də təhqiramiz və biganə münasibət görəndə, “axı, bunlar nəyə lazımdır” deyə düşünməli olursan. Özünü Don Kixot kimi hiss edirsən.

– Siz son 20 ildə paytaxtda kitab dükanlarının qapandığından, televiziyaların şou-maqazinə kökləndiyindən,  rayonlarda kitabxanaların dağıdıldığından insanların kitabdan uzaq düşdüyünün fərqində deyildinizmi?

–  Yaxşı, kitab dükanları bağlanıb, o cümlədən, metrolarda yığışdırılıb, indi də kitabları küçələrə çıxartmışıq, elan edirik, mətbuat yazır, amma nə xeyri var?!

–  Ancaq sizin nəşrlərinizin də baha olduğu bildirilir…

–  Baxın, bir azərbaycanlı övladı ilə yarmarkanın yanından keçəndə uşaq kitaba əlini vuranda valideyni “əlini vurma, toxunma” deyib keçir. Söhbət düşəndə isə o cür adamlar bizdə kitab oxunmaması haqqında narazılığını ifadə edir. Amma bir rus uşağı ilə keçəndə uşaq kitaba əl uzadanda, valideyn onu dərhal alır, heç qiymət söhbəti də etmir. Bizim tərcümə etdiyimiz kitablar rus və ingilis dilində olan nəşrlərdən 30-40 faiz ucuzdur. Amma yenə də ən çox şikayəti azərbaycan dilində olan kitablardan alırıq. Bu, ədalətsizlikdir! Den Braun rusca 20 manat olduğu halda, öz dilimizdə 8-9 manata satışa çıxardırıq, yenə də baha olduğunu deyirlər. Ziqmund Freydin əsərləri rus dilində 28-30 manatadır, biz isə 7-8 manata satırıq. Orxan Pamukun türkcə kitabları 20-30 avrodur, azərbaycan dilində 8 manatdır. Keyfiyyəti də dünya standartlarına cavab verir. Azərbaycanda saysız-hesabsız brend dükanlar, kosmetika mağazaları var, tələbat yoxdursa, millətin pulu yoxdursa, bunlar da olmamlıydı. Hazırda Nərimanov prospektindəyəm, yanımızdan keçən 4 maşından 2-i 50 min dəyərindədir, millətin pulu yoxdursa, bunları hardan alırlar? Və kitab satanı aşağılayırlar.

–  Həmin pullar da 5-10 faiz çevrədə deyilmi?

– Ən azı pullu adam pulsuza kitab alıb verərdi. Bu günlərdə yarmarkada kənarda dayanan bir kişi hansı uşağın kitablara baxdığını görürdüsə, özü gəlib alıb bağışlayırdı. Yaxınlaşıb səbəbini soruşanda onun avropalı olduğunu bildim. Yəni bir ingilis kefinin yaxşı vaxtında uşaqlara hədiyyə edir, azərbaycanlı bunu etmir axı.

Bir şərh yazın